Araxnoidal kista
Beyini və onurğa beynini əhatə edən üç qoruyucu qişadan biri olan araxnoid qişanın içində maye ilə dolu anadangəlmə anomaliya
Ümumi Məlumat
Araxnoidal kistalar, araxnoid qişanın içində yerləşən maye dolu anadangəlmə anomaliyadır, adətən serebrospinal maye və ya onurğa beyni mayesi (BOM) ilə doludur. Ən çox orta kəllə çuxuru, serebellopontin bucaq (SPB), suprasellar sahə və arxa kəllə çuxurunda da rast gəlinir. Onurğa beynində də əmələ gələ bilər. Əksəriyyəti asimptomatikdir (yəni, təsadüfi tapıntıdır), suprasellar sahə istisna olmaqla.
Etimologiya
- "Araxnoid": yunanca "ἀράχνη" (arachne) sözündən gəlir, "hörümçək" deməkdir və beynin üç qoruyucu qişasından biri olan araxnoid materin adıdır.
- "Kista": Yunanca "κύστις" (kystis) sözündən gəlir, "kisə" və ya "kapsul" deməkdir.
- Başqa dillərdə: Cysta arachnoidalis (L), Arachnoid cyst (EN), Araknoid kist (TR), Арахноидальная киста (RU), Arachnoidalzyste (DE)
Əlamətlər
Əksər araxnoidal kistalar asimptomatikdir. Simptomatik olanlar adətən özünü erkən uşaqlıq dövründə bildirir. Araxnoidal kistaların əlamətləri onların yerləşdiyi yerdən və böyüklüyündən asılıdır:
- Kəllədaxili təzyiq artması nəticəsində yaranan simptomlar: baş ağrısı, ürəkbulanması/qusma, letarqiya (yuxululuq).
- Qıcolmalar
- Birdən pisləşmə. Bunun mümkün səbəbləri aşağıdakılardır:
- Qansızma. Orta kəllə çuxur kistalarında körpü venaların yırtılması səbəbindən kistaya və ya subdural boşluğa qansızma görülə bilər. Bəzi idman təşkilatları bu pasiyentlər üçün kontakt idmanlarına icazə vermir.
- Kistanın yırtılması (rupture of the cyst) .
- Kəllə sümüyünün lokal çıxıntısı kimi
- Yer tutan törəmənin lokal əlamətləri/simptomları ilə
- Əlaqəsiz bir vəziyyətin qiymətləndirilməsi zamanı təsadüfi tapıntı
- Suprasellar kistalar əlavə olaraq aşağıdaki vəziyyətlərdə görülə bilər:
- Hidrosefaliya: üçüncü mədəciyinin sıxışdırılması nəticəsində
- Endokrin simptomlar: 60%-ə qədər hallarda görülür. Buraya erkən yetkinlik (precocious puberty) də daxildir.
- “Oyuncaq baş sindromu” (bobble-head doll syndrome): nadir görülə bilər. Başın təkrarlanan önarxa hərəkətləri (başın yırğalanması) üçüncü mədəcik nahiyyəsində genişlənən törəmələr ilə əlaqəlidir. Suprasellar arachnoid kistlərin <10%-ində görülür.
- Görmə pozğunluğu
Diaqnoz
- Maqnit rezonans tomoqrafiyası (MRT)
- Kompyuter tomoqrafiyası (KT)
- Ultrasonoqrafiya: Yenidoğulmuşlarda və uşaqlarda kəllə sümüklərinin nazikliyinə görə və röntgen şüalanmasından qaçınmaq üçün istifadə oluna bilər.
Müalicə
Bir çox müəllif (amma hamısı deyil) asimptomatik araxnoidal kistaları müalicə etməyi tövsiyə etmir, ölçüsündən və yerləşməsindən asılı olmayaraq. Cərrahi müdaxilə üçün nəzərdə tutulmayan bir yetkin insanda təsadüfi tapılmış araxnoid kista üçün 6-8 ay ərzində tək bir təqib görüntüləmə aparılır ki, kistanın böyümədiyi təsdiqlənsin. Belə böyümə nadir hallarda baş verə bilər. Narahatlıq yaradan simptomlar yaranarsa, ard tədqiqatlar aparıla bilər. Uşaq xəstələr yetkinlik yaşına qədər izlənilə bilər.
Simptomatik və ya böyük kistalar üçün müalicə aşağıdakılardan ibarət ola bilər:
Cərrahi müdaxilə:
- Endoskop və ya mikroskop ilə kistanın başqa bir boşluğa fenestrasiyası
- Kistanın çıxarılması (rezeksiya)
- Şuntlama: Kistadan beyinə və ya qarın boşluğuna maye axını təmin etmək üçün bir şuntun yerləşdirilməsi.
Dərman müalicəsi: Ağrı və epileptik tutmalar üçün.
- Mark S. Greenberg. Primary Intracranial Anomalies. 15.1 Arachnoid cysts, intracranial. Handbook of Neurosurgery. 10th edition. Səhifə 260-263
15 baxış, 0 bəyənmə 07-07-2024