Diabetik komalar

Şəkərli diabetin ağırlaşmaları

Diabetik komalar, şəkərli diabetin ağırlaşmalarıdır. Əsasən I tip şəkərli diabet üçün xarakterikdir və 3 növü var: ketoasidotik koma, hiperosmolyar koma, hipoqlikemik koma.

Ketoasidotik koma

Patogenez

Buna hiperqlikemik koma da deyilir. Ketonlar güclü asidik xassəyə malik maddələrdir. Qanda kifayət qədər insulin olmadıqda orqanizm qlükozadan enerji mənbəyi kimi istifadə edə bilmir. Buna səbəb insulin çatışmazlığı və əks tənzimləyici hormonların (qlükaqon, katexolaminlər, kortizol) artması nəticəsində orqanizmin enerji üçün qlükoza əvəzinə triqliseridləri və amin turşularını metabolizmə uğratmasıdır. Qanda qliserin və sərbəst yağ turşularının səviyyələri maneəsiz lipoliz səbəbindən yüksəlir. Beləliklə, qaraciyərdə yağlar parçalanır, ketonlar əmələ gəlir, ketonemiya (qanda ketonun olması) və ketonuriya (sidikdə ketonun olması) müşahidə olunur.

Simptomlar

  • Həddindən artıq susuzluq
  • Yorğunluq
  • Poliuriya
  • Ürəkbulanma
  • Qusma
  • Qarın ağrısı
  • Yuxululuq
  • Dərin, sürətli nəfəs
  • Nəfəsdən aseton qoxusu (əsas xüsusiyyət)

Müalicə

Diabetik ketoasidoza (DKA) ilk 24-48 saat ərzində müdaxilə etmək arzuolunan effekti verir. DKA olan xəstələri müalicə edərkən aşağıdakı məqamları nəzərə almaq və yaxından izləmək lazımdır:

  • Maye itkisinin venadaxili mayelərlə korreksiyası
  • Hiperqlikemiyanın insulinlə korreksiyası
  • Elektrolit pozğunluqlarının, xüsusən də kalium itkisinin korreksiyası
  • Turşu-qələvi balansının korreksiyası
  • Əgər varsa, paralel infeksiyanın müalicəsi

Müalicənin ilk saatında maye və elektrolit itkisinin korreksiyasına ciddi diqqət yetirmək lazımdır. İkinci sırada hiperqlikemiya və asidozun tədricən düzəldilməsi həyata keçirilməlidir. Maye itkisinin korreksiyası klinik mənzərəni daha aydın edir və asidozun düzəldilməsi üçün kifayət ola bilər. Hətta yüngül dehidratasiya əlamətlərinin olması ən azı 3L mayenin itirildiyini göstərir. Xəstələr ketoasidozun təkrarlanması olmadan gündəlik insulin rejiminə keçə bilməsələr, xəstəxanadan buraxılmamalıdırlar.

Vəziyyət stabil olduqda, pH 7,3-dən çox olduqda və bikarbonat 18 mEq/L-dən çox olarsa, xəstəyə adi insulinin subkutan dozasından əvvəl yemək yeməsinə icazə verilir. İnsulin infuziyası 30 dəqiqədən sonra dayandırıla bilər. Əgər xəstə hələ yeyə bilmirsə və ürəyi bulanırsa, infuziya davam etdirilməli və qanda qlükoza səviyyəsinə uyğun olaraq hər 4 saatdan bir müntəzəm və ya ultra-qısa təsirli insulin qanda qlükoza dəyərlərini 100-180 mq səviyyəsində saxlamağa çalışaraq SC verilməlidir.

Rehidratasion terapiya

  • İlk saat ərzində 1-3 L
  • İkinci saat ərzində 1 L
  • Sonrakı 2 saat ərzində 1 L
  • Dehidrasiyanın dərəcəsindən və mərkəzi venoz təzyiq göstəricilərindən asılı olaraq hər 4 saatdan bir 1L

İnsulinoterapiya

İV 0.14 unit/kq/saat olmaqla insulin infuziya edilir. İlk saatda qlükozanın miqdarı 10% azalmasa 0.14 unit/kq bolus (qısa və tez təsirli insulin) verib infuziyaya davam etmək lazımdır.

Profilaktika

Ketoasidozun erkən əlamətlərini aşkar etmək üçün şəkərli diabet xəstələri qanda qlükoza səviyyəsini tez-tez yoxlamalıdırlar. Keton səviyyələrinin yoxlanılması da tövsiyə olunur. Əgər varsa, qan keton testinə üstünlük verilir. Qan keton testi mümkün deyilsə, sidik testi istifadə edilə bilər.

Hiperosmolyar koma

Patogenez

Dehidratasiya və hiperqlikemiya fonunda yaranır. Buna səbəb olacaq faktorlara unudulmuş dərman qəbulu, infeksion xəstəliklər və şəkərli qidaların ifrat qəbulu aiddir. Böyrəklər artıq miqdarda olan qlükozanı atmağa çalışdıqda buna müvafiq su və elektrolitlər itirilir və dehidratasiya yaranır. Bu zaman intravenoz infuziyaya ehtiyac yaranır və bu olmadıqda insan hiperosmolyar komaya düşür. Bu, bir neçə gün və ya həftə ərzində inkişaf etdiyi üçün qarşısını almaq mümkündür.

Simptomlar

 • Həddindən artıq susuzluq

 • Poliuriya

 • Yorğunluq

 • Qusma

 • Qarın ağrısı

 • Yuxululuq

 • Gözlərin çökməsi

 • Dəri elastikliyinin azalması

 • Hipotoniya

Diaqnoz

Bu zaman sidikdə keton və qanda serum elektrolitləri, qan ureazası (BUN), kreatinin, qlükoza, keton və plazma osmolyarlığı yoxlanmalıdır. Bu zaman BUN və serum kreatinin kəskin artmış olmalıdır. Maye itkisi 10 L-ə qədər ola bilər və xəstə kollapsdan ölə bilər.

Müalicə

 • İV 0.9% NaCl məhlulu

 • Hipokaliemiya olduqda onun korreksiyası 

 • İV insulin (kalium səviyyəsi 3.3 mmol/L-dən yüksək olduqda)

Hipoqlikemik koma

Patogenez

Qanda qlükozanın 3,5 mmol/l-dən aşağı düşməsi nəticəsində huşun itməsi ilə təzahür edir. Səbəblərinə artıq doza dərman istifadəsi, uzun müddət qidadan imtina, yemək yemədən ifrat alkoqol qəbulu və s. aiddir.

Simptomlar

  • Tremor
  • Taxikardiya
  • Tərləmə
  • Zəiflik
  • Güclü aclıq

Müalicə

  • Karbohidratlı qidaların qəbulu (yüngül simptomlar zamanı)
  • İV glükaqon infuziyası (xəstə komadadırsa)
  • Qanda qlükoza səviyyəsinin müntəzəm izlənilməsi

Hipoglikemik vəziyyət izlənilən zaman ilk olaraq karbohidrat qəbul olunması xəstənin halını yüngülləşdirməkdə əhəmiyyətli rol oynayır. Xəstə artıq komadadırsa, glükaqon infuziyasına başlanılmalıdır.

Profilaktika

  • Qanda qlükoza səviyyəsinin müntəzəm yoxlanılması
  • Düzgün dərman istifadəsi
  • Şəkərli qidaların qəbulu zamanı diqqətli olmaq
  • İnfeksion xəstəliklərin vaxtında müalicəsi


  1. Mayo Clinic Staff. "Diabetic Coma - Diagnosis & Treatment." Mayo Clinic, 2024. [https://www.mayoclinic.org/diseases-conditions/diabetic-coma/diagnosis-treatment/drc-20371479] https://www.mayoclinic.org/diseases-conditions/diabetic-coma/diagnosis-treatment/drc-20371479
  2. Victoria Səhiyyə Təşkilatı. Diabetic coma. Məlumat üçün: https://www.betterhealth.vic.gov.au/health/conditionsandtreatments/diabetic-coma#


24 baxış, 2 bəyənmə 01-07-2024

Dr. Leyla Huseynova

4-cü kurs
Tələbə

96 baxış, 8 bəyənmə
Qoşulma tarixi: 25-06-2024

Dr. Leyla Huseynova