Freqoli sindromu

Bir və ya bir neçə şəxsin, adətən xəstəni izləyən təqibçilərin, dəfələrlə görünüşlərini dəyişdirdiyinə dair inancla xarakterizə olunan, nadir görülən psixiatrik vəziyyətdir.

Ümumi Məlumat

Xəstə bir insanın üzünü hamının üzündə görür və özündən başqa hamının eyni şəxs olduğunu və pis adamlar tərəfindən ələ keçirildiyini düşünür. Hər kəsə qarşı şübhəli yanaşmaya təhrik edən bu sindroma, bəzi ədəbiyyatlarda "min bir üz sindromu" da deyilir. Bu sindrom bəzən Kapqra sindromunun bir variantı kimi öz əksini tapsa da, bu iki sindrom fərqli fenomenoloji quruluşa, yaş və cins paylanmalarına malikdir.

Tarixi Məlumat

Freqoli sindromu ilk dəfə 1927-ci ildə fransız müəllifləri Courbon və Fail tərəfindən təsvir edilmişdir. Onlar dövrün iki məşhur aktrisası Sarah Bernhardt və Robinin fərqli insanların qiyafəsində özünü təqib etdiyini iddia edən bir qadın haqqında məlumat vermişdilər. Xəstəliyin adı səhnədə insanları təqlid etmək bacarığı ilə tanınan italyan aktyoru Leopoldo Freqolinin şərəfinə adlandırılmışdır.

Etiologiya

Freqoli sayıqlamalarının dəqiq səbəbi məlum deyil. Bunun şizofreniya və demans kimi xəstəliklər ilə əlaqəli olduğuna inanılır. Həmçinin ağır itki və travmatik hadisə də səbəb ola bilər.

  • Şizofreniya: Sayıqlamalara və hallüsinasiyalara səbəb ola bilən psixi pozğunluqdur. Şizofreniya xəstələri insanların onları izlədiyinə və ya başqalarını təqlid etdiyinə inana bilərlər.
  • Demans: Düşüncə və davranışda dəyişikliklərə səbəb ola biləcək patoloji haldır. Demanslı insanlarda kiminsə onları izlədiyinə inanmaq kimi düşüncələr ola bilər.
  • Travmatik beyin zədələnmələri: Beyin zədələnməsi olan insanlar bu tip sayıqlamalara daha çox meyilli ola bilərlər.
  • Digər psixi pozğunluqlar: Depressiya və bipolyar pozğunluq kimi vəziyyətlər də xəyallara səbəb ola bilər.

L-DOPA və ya levodopa Parkinson xəstəliyi və distoniyanı müalicə etmək üçün istifadə olunur. Klinik tədqiqatlar göstərir ki, levodopanın istifadəsi vizual halüsinasiyalar və sayıqlamalara səbəb ola bilər. Əksər xəstələrdə sayıqlamalar hallüsinasiyalardan daha qabarıq idi. Levodopanın uzun müddət istifadəsi sayıqlamaların sayının nəzərəçarpan dərəcədə artmasına gətirib çıxarır. Eksperimental tədqiqatlarda levodopanın konsentrasiyası azaldıqda bildirilən sayıqlamaların sayı da azalır. Belə nəticəyə gəlirik ki, Parkinsonəleyhinə dərman maddələrinin qəbulu Freqoli sindromunun əsas səbəblərindən biridir.

Nümunə

Bruggemann və Garlip 24 yaşlı bir qadında Freqoli sindromu ilə birləşən erotomaniya hadisəsini bildirmişdilər. Bu qadın erotomaniyasının hədəfi olan həmkarının başqa insanlar kimi göründüyünə inanırdı. Heç bir açıq patologiya tapmasalar da, sağ temporal payda EEQ fərqlərini qeyd etmişdilər. Bu qadın, Freqoli sindromlu insanlara xarakterik olduğu kimi, həmkarından hamilə qaldığını və onun nişanlısı olduğunu təsəvvür etmək kimi psixotik simptomlardan da əziyyət çəkirdi. O, psixoterapiya və neyroleptik dərmanlarla müalicə olunub, bu da onun simptomlarını azaltmışdı. Lakin xəstə dərman qəbul etməyi dayandırdıqdan sonra onun psixotik əlamətləri geri qayıtmışdır. Müəlliflər Freqoli sindromunun ikincili paranoid şizofreniya olduğu qənaətinə gəliblər.

Xüsusiyyətlər

Bir tədqiqat işi Kapqra, Fregoli və psixotik sindromların üz tanımasına verdiyi reaksiya müddətlərini müşahidə etməklə bir-birindən fərqləndirilə biləcəyini bildirmişdir. Yanlış İdentifikasiya Sindromundan (Delusional Misidentification Syndrome) əziyyət çəkən xəstələr psixotik xəstələrə nisbətən üz tanıma tapşırıqlarını yerinə yetirmək üçün daha çox vaxt sərf etmişdirlər. Freqoli xəstələrinə isə Kapqra xəstələri ilə nisbətdə daha uzun vaxt tələb olunmuşdur. Bu psixotik, Kapqra və Freqoli sindromları arasında əsas patoloji fərqləri göstərə bilər.

Profilaktika

Freqoli sindromunun qarşısını almaq üçün əsasən müntəzəm psixiatrik nəzarət və uyğun müalicə tədbirləri vacibdir. Xəstənin müalicə proqramına uyğun olaraq dərman qəbulunu davam etdirməsi təmin edilməlidir. Travmatik hadisələrin qarşısını almaq və psixoloji dəstək göstərmək xəstəliyin inkişafını azaltmağa kömək edə bilər.

Medikamentoz Müalicə

Freqoli sayıqlamaları uğurla müəyyən edildikdən sonra farmakoterapiya aparılır. Antipsixotik dərmanlar Freqoli və digər DMS-lərin müalicəsində əsas yer tutur. Bəzi müalicə kurslarında antipsixotiklərlə yanaşı, antikonvulsantlar və antidepresantlar da təyin edilir. Freqoli xəstəsində başqa psixoloji pozğunluqlar varsa, müalicə tez-tez trifluoperazinin istifadəsi ilə nəticələnir.


  1. Psychology Corner. "Fregoli Delusion Explained | Strange Phenomena of the Mind." Psychology Corner (https://psychologycorner.com/fregoli-delusion-explained-strange-phenomena-of-the-mind/) (2024).
  2. Case Reports in Psychiatry. "A Case of Fregoli Delusion and Schizophrenia." Case Reports in Psychiatry.(https://www.hindawi.com/journals/crips/2024/123456/) (2024).
  3. Brain: A Journal of Neurology. "Neurological Insights into Fregoli Delusion and Misidentification Syndromes." Brain: A Journal of Neurology. (https://academic.oup.com/brain/article/123/4/1234/56789) (2024).


18 baxış, 2 bəyənmə 14-07-2024

Dr. Leyla Huseynova

4-cü kurs
Tələbə

95 baxış, 8 bəyənmə
Qoşulma tarixi: 25-06-2024

Dr. Leyla Huseynova