Kəllə sinirləri
Kəllə sinirləri, nüvələri və funksiyaları barədə qısa, sistemli izah
Ümumi məlumat
İnsan beynində 12 cüt kəllə siniri var. Bunlar funksiyalarına görə afferent (hissi), efferent (motor) və ya qarışıq sinirlər kimi təsnif olunur. Onların əksəriyyəti beyin kötüyündən (truncus encephali) çıxır və yalnız N. olfactorius (I) və N. opticus (II) struktur və funksional baxımdan fərqli olduqları üçün Mərkəzi sinir sisteminə (MSS) aiddirlər.
Nomenklatura
I. Nervus olfactorius – Qoxu siniri
II. Nervus opticus – Görmə siniri
III. Nervus oculomotorius – Gözün hərəki siniri
IV. Nervus trochlearis – Blok siniri
V. Nervus trigeminus – Üçlü sinir
VI. Nervus abducens – Uzaqlaşdırıcı sinir
VII. Nervus facialis – Üz siniri
VIII. Nervus vestibulocochlearis – Dəhliz-ilbiz siniri
IX. Nervus glossopharyngeus – Dil-udlaq siniri
X. Nervus vagus – Azan sinir
XI. Nervus accessorius – Əlavə siniri
XII. Nervus hypoglossus – Dilaltı sinir
N. olfactorius nazal plakodadan inkişaf etdiyi üçün onun qlial hüceyrələri həm mərkəzi, həm də periferik xüsusiyyətlərə malikdir.
N. opticus isə diensefalona aid bir sinir traktı sayılır və oligodendrositlər tərəfindən mielinləşdirildiyi üçün aydın şəkildə MSS-nə aiddir.
Lif növləri və funksional kateqoriyalar
Kəllə sinirləri müxtəlif lif tipləri ilə müxtəlif strukturları innervasiya edir. Bu liflər yeddi əsas funksional kateqoriyaya bölünür:
- Ümumi somatik efferentlər (GSE): könüllü əzələlərə (göz, dil, boyun əzələləri) motor impulslar
- Ümumi visseral efferentlər (GVE): parasimpatik vegetativ liflər (daxili orqanlar, vəzlər)
- Xüsusi visseral efferentlər (SVE): kəmər qövslərindən inkişaf edən əzələlər (çeynəmə, mimika, qırtlaq)
- Ümumi somatik afferentlər (GSA): dəri, selikli qişa, dura mater və əzələlərdən hissi məlumat
- Xüsusi somatik afferentlər (SSA): eşitmə və tarazlıq reseptorlarından gələn siqnallar
- Ümumi visseral afferentlər (GVA): daxili orqanlardan hissi məlumat (təzyiq, kimyəvi)
- Xüsusi visseral afferentlər (SVA): dad və qoxu impulsları
Əlavə qeyd: N. olfactorius lifləri bəzən xüsusi visseral afferent; N. opticus lifləri isə xüsusi somatik afferent kimi də təsnif olunur.
Sinir nüvələrinin yerləşməsi və funksional bölgüsü
Kəllə sinir nüvələri beyin kötüyündə yerləşir və funksional bölgülərə əsasən medialdan laterala doğru ardıcıllıqla düzülür. Bu düzülmə aşağıdakı kimidir:
- Somatik motor nüvələr: könüllü əzələlər üçün – medialda
- Visseral (parasimpatik) motor nüvələr: vegetativ innervasiya – bir qədər lateral
- Xüsusi visseral motor nüvələr: kəmər qövsü mənşəli əzələlər – daha da lateral
- Visserosensor nüvələr: dad və daxili orqanlardan məlumat – sulcus limitans yaxınlığı
- Somatosensor nüvələr: dəri, qişa, əzələ reseptorlarından – daha kənarda
- Xüsusi somatosensor nüvələr: eşitmə və tarazlıq siqnalları üçün – ən lateral hissədə
Motor nüvələr (nuclei originis) efferent impulsların başladığı yerlərdir.
Hissi nüvələr (nuclei terminationis) isə periferiyadan gələn afferent impulsların sonlandığı mərkəzlərdir.
Mühüm nümunələr və nüvələrarası əlaqələr
- N. oculomotorius (III): M. rectus medialis, inf., sup., obliquus inf. və M. levator palpebrae sup. üçün somatik motor nüvə – Ncl. oculomotorius.
Parasimpatik funksiyalar üçün Ncl. accessorius nervi oculomotorii (Edinger-Westphal). - N. trochlearis (IV): tək bir əzələ – M. obliquus superior – və sinir dorsal çıxışa malik olan yeganə kəllə siniridir. Həmçinin onun lifləri beyin kötüyündə çarpazlaşır.
- N. trigeminus (V): çeynəmə əzələləri üçün Ncl. motorius n. trigemini, hissi məlumat üçün isə Ncl. mesencephalicus, principalis və spinalis n. trigemini.
- N. facialis (VII): mimiki əzələlər üçün motor nüvə, dad hissiyyatı üçün Ncl. tractus solitarii, parasimpatik innervasiya üçün Ncl. salivatorius superior.
- N. glossopharyngeus (IX) və N. vagus (X): çoxsaylı funksiyalar və nüvələrlə bağlıdır – dad, udlaq-qırtlaq əzələləri, parasimpatik funksiyalar, daxili orqanlardan məlumat.
Ncl. tractus solitarii haqqında ətraflı
Bu nüvə iki hissədən ibarətdir:
- Yuxarı hissə: dad impulslarını qəbul edir (SVA) → N. facialis, glossopharyngeus, vagus
- Aşağı hissə: daxili orqanlardan, baroreseptorlardan və xemoreseptorlardan məlumat (GVA) qəbul edir → xüsusilə N. glossopharyngeus (Glomus caroticum) və N. vagus (Aorta qövsü)
Kəllə sinirlərin beyin kötüyündən çıxış nöqtələri
Sinirlər beyin kötüyünün müxtəlif hissələrindən çıxır. Bu çıxış nöqtələri həm diaqnostika, həm də anatomiya üçün çox vacibdir:
- Mesencephalon: III → fossa interpeduncularis; IV → colliculi inferiores altından (yeganə arxa çıxışlı sinir)
- Pons: V → lateral; VI → ponsun aşağı kənarı; VII və VIII → beyincik-körpü (cerebellopontin) bucağı
- Medulla oblongata: IX, X, XI → sulcus posterolateralis (üstdən aşağıya doğru sıralanır); XII → sulcus anterolateralis (oliva ilə piramida arasında)
- Schünke M, Schulte E, Schumacher U. Prometheus LernAtlas der Anatomie – Kopf, Hals und Neuroanatomie. 2. Aufl. Stuttgart: Thieme; 2018.
- Trepel M. Neuroanatomie: Struktur und Funktion. 6. Aufl. München: Urban & Fischer; 2020.
- Faller A, Schünke M. Der Körper des Menschen – Einführung in Bau und Funktion. 15. Aufl. Stuttgart: Thieme; 2019.
- Benninghoff A, Drenckhahn D. Anatomie, Band 3: Nervensystem und Sinnesorgane. 20. Aufl. München: Urban & Fischer; 2021.
- Silbernagl S, Despopoulos A. Taschenatlas der Physiologie. 9. Aufl. Stuttgart: Thieme; 2016.
10 baxış, 0 bəyənmə 03-04-2025