Wire syndrome (Tel sindromu)

Fiksə edilmiş ortodontik reteynerlərin səbəb olduğu, klassik ortodontik residivlərdən fərqlənən fenomen

Tərif

Bu sindrom dişlərin heç bir əvvəlki mövqeyinə (nə ilkin, nə də müalicə sonrası) uyğun gəlməyən yeni bir malokklüziya yaranması ilə fərqlənir.

Tarix

Bu sindromun elmi ədəbiyyatda ilk təsviri 2007-ci ildə Katsaros və həmmüəllifləri tərəfindən yazılan "Yapışdırılmış mandibulyar linqual reteynerlərin gözlənilməz fəsadları" məqaləsində sistemli şəkildə təqdim edilmişdir. Sonrakı illərdə tədqiqatçılar bu problemi təsvir etmək üçün müxtəlif terminlərdən istifadə etmişlər. Belə ki, bu fenomeni Pazera və həmmüəllifləri (2012) "yapışdırılmış mandibulyar linqual reteynerin ciddi fəsadı" və Shaughnessy və həmmüəllifləri (2016) "Fiksə edilmiş linqual reteynerlərlə istəmədən baş verən diş hərəkəti” adlandırmışlar. Fransız dilində "Syndrome du Fil" termini ilk dəfə 2015-ci ildə Roussarie və həmmüəllifləri tərəfindən təqdim edilərək bu vəziyyət üçün xüsusi bir ad müəyyən edilmişdir. 2016-cı ildə isə Kucera və həmmüəllifləri sindromun spesifik hərəkət nümunələrini təsnifləşdirmək üçün "X effekti" və "Twist effekti" kimi terminləri elmi ədəbiyyata daxil etmişlər. Ümumilikdə, bu sindrom ədəbiyyatda "açıqlanmayan", "istənməyən" və ya "arzuolunmaz" diş hərəkətləri kimi də təsvir edilir.

Etiologiya

Hal-hazırda sindromun yaranmasını izah edən dəqiq bir səbəb müəyyən edilməsə də, elmi ədəbiyyatda iki əsas nəzəriyyə və bir sıra potensial risk faktorları təsvir edilir.

1. Reteynerin quraşdırılması zamanı prosedur səhvləri

Bu nəzəriyyəyə görə, sindromun yaranması reteynerin quraşdırılması zamanı baş verən yatrogen səhvlərlə əlaqədardır. Əgər tel dişlərə tam passiv şəkildə uyğunlaşdırılmazsa, o, "aktiv" vəziyyətdə qala və dişlərə arzuolunmaz qüvvələr tətbiq edə bilər. Bu vəziyyətə səbəb ola biləcək amillərə dolayı yapışdırma texnikası zamanı ölçü götürmə və ya model hazırlama prosesindəki səhvlər, həmçinin telin elastiklik həddini aşmadan əyilməsi nəticəsində daxili gərginliyin yaranması daxildir.

2. Tel və kompozit arasındakı əlaqənin qırılması

Bu nəzəriyyəyə görə, sindrom, xarici qüvvələrin təsiri ilə tel və kompozit arasındakı əlaqənin qırılması nəticəsində yaranır. Kəsici dişlər bölgəsində maksimal çeynəmə qüvvəsinin 113N olduğu nəzərə alınarsa, bu qüvvələr zamanla material yorğunluğuna səbəb ola bilər; xüsusilə də damaq tərəfə qoyulan reteynerlər linqual olanlarla müqayisədə deformasiyaya daha çox məruz qalır. Bu prosesdə tel yapışqandan ayrılsa da, hələ də dişə bağlı qalır. Nəticədə, diş tel ətrafında bir ox kimi fırlana bilir ki, bu da arzuolunmaz torq hərəkətlərinə və dişin mövqeyinin dəyişməsinə səbəb olur.

Potensial risk faktorları

Tel sindromunun yaranma riskini artıra biləcək faktorlar üzrə elmi ədəbiyyatda konsensus mövcud deyil və bəzi tədqiqatlar bir-biri ilə ziddiyyət təşkil edir. Mövcud məlumatları üç əsas kateqoriyaya bölmək olar:

- Pasiyentlə əlaqəli faktorlar: Bəzi tədqiqatlar aşağı üz hündürlüyünün artmasının əhəmiyyətli risk faktoru olduğunu göstərsə də, digərləri bu əlaqəni təsdiqləməmişdir. Disfunksiya və ya parafunksiyaların (məsələn, onixofagiya - dırnaq yemə) mövcudluğu da bir risk faktoru kimi qeyd edilir.

- Ortodontik müalicə ilə əlaqəli faktorlar: Müalicənin sonunda inter-insizal (kəsici dişlər arası) kontaktın olmaması potensial risk faktoru kimi təklif edilmişdir. Bənzər şəkildə, bəzi müəlliflər köpək dişlərinin ekspansiyası və overjetin azaldılmasını risk faktoru kimi müəyyən etsə də, digərləri bu parametrlər üzrə əhəmiyyətli bir fərq tapmamışdır.

- Tel ilə əlaqəli faktorlar: Ədəbiyyatda sindromla əlaqələndirilən müxtəlif tel növləri qeyd olunur: yuvarlaq, burulmuş paslanmayan polad tellər, tək telli yuvarlaq tellər. Əksər halların yuvarlaq, çoxsaylı burulmuş tellərlə əlaqələndirilməsinə baxmayaraq, heç bir tel növünün bu sindromdan tam sığortalanmadığı qəbul edilir.

Klinik təzahürlər:

Sindromun əsas təzahürü, klassik ortodontik residivdən fərqli olan gözlənilməz və atipik diş hərəkətləridir.

Tel sindromuna xas olan arzuolunmaz diş hərəkətləri aşağıdakı kimi təsnifləşdirilə bilər:

- X effekti: İki qonşu kəsici diş arasında fərqli torqun yaranması ilə xarakterizə olunur. Məsələn, bir dişin kökü vestibulyar, digərinin kökü isə linqual istiqamətdə hərəkət edir.

- Twist effekti: Qarşı tərəfdəki köpək dişlərinin əks istiqamətlərdə əyilməsi (inklinasiyası) ilə müşahidə olunur. Məsələn, bir köpək dişi vestibulyar, digəri isə linqual istiqamətdə əyilir.

- Həddindən artıq tac və ya kök torqu: Tək bir kəsici və ya köpək dişinin torqunda aşırı dərəcədə dəyişiklik baş verir.

- Qeyri-spesifik fəsadlar: Dişlər arasında boşluqların (diastema) yaranması və ya kəsici dişlərin hündürlüyündə fərqlərin əmələ gəlməsi kimi digər atipik dəyişikliklər.

Bu hərəkətlər nəticəsində yaranan fəsadları iki əsas qrupda təhlil etmək olar:

1. Dental fəsadlar:

  • Diş kökünün alveolyar sümükdən xaricə (vestibulyar və ya linqual) doğru torqlanması.
  • Dişin damar-sinir dəstəsinin qırılması nəticəsində canlılığının (vitality) itirilməsi.
  • Ekstremal hallarda, dişin sümükdən tamamilə çıxması və itirilməsi.

2. Periodontal fəsadlar:

  • Diş kökünün səthinin açılması ilə nəticələnən ciddi diş əti çəkilməsi (gingival recession).
  • Vestibulyar və ya linqual tərəfdə sümük pəncərələrinin (fenestrasiya) və ya sümük yarıqlarının (dehissensiya) yaranması.

Diş əti çəkilməsinin patogenezi iki əsas mexanizmlə izah edilə bilər: bakterial travmatik. Bakterial çəkilmə sentrifugal (içəridən xaricə) bir prosesdir və subgingival bakterial lövhənin yaratdığı iltihab nəticəsində baş verir. Travmatik çəkilmə isə sentripetal (xaricdən içəriyə) bir prosesdir və telin yaratdığı mexaniki təzyiq və ya həddindən artıq fırçalama kimi xarici təsirlərdən qaynaqlanır. Tel sindromunda bu iki mexanizm eyni vaxtda rol oynaya bilər.

Müalicə 

Tel sindromunun idarə edilməsi yalnız yaranmış fəsadların reaktiv müalicəsini deyil, eyni zamanda onun qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsini də əhatə edir.

Müalicə yanaşmaları sindromun ağırlıq dərəcəsindən asılı olaraq dəyişir

1. Yüngül hallar: Əsas və ilk addım reteynerin dərhal çıxarılmasıdır. Bu, dişlərə təsir edən aktiv qüvvəni dərhal dayandırır. Bəzi yüngül hallarda, tel çıxarıldıqdan sonra dişlərin spontan olaraq öz əvvəlki düzgün mövqeyinə qayıtması müşahidə edilə bilər.

2. Orta ağır hallar: Reteynerin çıxarılması ilə yanaşı, dişlərin düzgün mövqeyini bərpa etmək və kökü alveolyar sümük daxilinə qaytarmaq üçün ortodontik təkrar müalicə tələb olunur. Bu müalicə adətən breket sistemlərinin yenidən tətbiqini əhatə edir.

3. Ağır hallar: Bu halların idarə edilməsi ortodont, periodontoloq və bəzən endodontistin iştirakı ilə multidissiplinar bir yanaşma tələb edir. Müalicə planına aşağıdakılar daxil ola bilər:

  • Ortodontik təkrar müalicə: Dişlərin mövqeyini və kök torqunu düzəltmək üçün.
  • Endodontik müalicə: Dişin canlılığını itirdiyi hallarda kök kanallarının müalicəsi.
  • Periodontal cərrahiyyə: Diş əti çəkilmələrini və sümük qüsurlarını aradan qaldırmaq üçün sərbəst diş əti köçürməsi və ya koronal irəli çəkilmiş flep kimi prosedurlar tətbiq edilir. Tədqiqatlar göstərir ki, periodontal cərrahiyyədən əvvəl reteynerin çıxarılması diş əti çəkilməsinin korreksiyasında müalicənin uğurunu 44 faizdən 87 faizədək artırır.
  • Dişin çəkilməsi : Dişin kökünün sümükdən tamamilə çıxdığı və bərpası mümkün olmadığı ekstremal hallarda yeganə həll yolu ola bilər.

Profilaktika

Tel sindromunun qarşısını almaq, onun müalicəsindən daha effektivdir. Bunun üçün aşağıdakı tədbirlər tövsiyə olunur:

1. Passiv reteynerin hazırlanması: Reteynerin hazırlanması zamanı onun diş model üzərində heç bir gərginlik olmadan, tam passiv şəkildə olmasına xüsusi diqqət yetirilməlidir. Bu məqsədlə dolayı yapışdırma metoduna üstünlük verilməsi tövsiyə olunur.

2. Müntəzəm nəzarət:Həm reteynerin bütövlüyünə, həm də dişlərin mövqeyinə mütəmadi nəzarət edilməsi sindromun erkən aşkarlanması üçün mühüm əhəmiyyət daşıyır.

3. Pasiyentin məlumatlandırılması: Pasiyentlər Tel sindromu riski, onun əlamətləri və hər hansı bir dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etmələrinin vacibliyi barədə maarifləndirilməlidir.

4. Stomatoloji mütəxəssislərin məlumatlılığı: Bütün stomatoloji mütəxəssislərin (ümumi stomatoloqlar, ortodontlar, periodontoloqlar) bu sindrom haqqında məlumatlı olması, erkən diaqnoz və düzgün idarəetmə üçün zəruridir.

Dental reteyner


Reteynerin səbəb olduğu dişəti çəkilməsi


Tel sindromunun cərrahi müalicəsi


Koronal flep üsulu ilə müalicə


  1. Kucera J, Streblov J, Marek I, Hanzelka T. Treatment of Complications Associated with Lower Fixed Retainers. J Clin Orthod. 2016 Jan;50(1):54-9. PMID: 26919639.
  2. Charavet, C.; Vives, F.; Aroca, S.; Dridi, S.-M. “Wire Syndrome” Following Bonded Orthodontic Retainers: A Systematic Review of the Literature. Healthcare 2022, 10, 379. https://doi.org/10.3390/healthcare10020379
  3. Katsaros C, Livas C, Renkema AM Unexpected complications of bonded mandibular lingual retainers. Am J Orthod Dentofac Orthop. 2007; 132:838-841 https://doi.org/10.1016/j.ajodo.2007.07.011
  4. Kucera J, Marek I. Unexpected complications associated with mandibular fixed retainers: a retrospective study. Am J Orthod Dentofacial Orthop. 2016; 149:202-211 https://doi.org/10.1016/j.ajodo.2015.07.035
  5. Wolf M, Schulte U, Küpper K Post-treatment changes in permanent retention. J Orofac Orthop. 2016; 77:446-453 https://doi.org/10.1007/s00056-016-0054-0
  6. Kiliaridis S, Johansson A, Haraldson T Craniofacial morphology, occlusal traits, and bite force in persons with advanced occlusal tooth wear. Am J Orthod Dentofacial Orthop. 1995; 107:286-292 https://doi.org/10.1016/s0889-5406(95)70144-3
  7. Lindhe J, Lang NP, Karring T Clinical Periodontology and Implant Dentistry. 2008;
  8. Fadda M, Stefanini M, Rendón A 2022; 42:25-33 https://doi.org/10.11607/prd.5404
  9. De Sanctis M, Zucchelli G Coronally advanced flap: A modified surgical approach for isolated recession-type defects: three-year results. J Clin Periodontol. 2007; 34:262-268 https://doi.org/10.1111Zj.1600-051x.2006.01039.x
  10. https://www.orthodontic-update.co.uk/content/orthodontics/wire-syndrome-a-complication-in-orthodontic-retention

5 baxış, 0 bəyənmə 26-01-2026

Dr. Orxan Pənahov

Stomatologiya
Həkim-rezident

124 baxış, 3 bəyənmə
Qoşulma tarixi: 02-11-2024

Dr. Orxan Pənahov